Gürcüstanda qanunsuz miqrasiyaya qarşı əməliyyat zamanı 21 xarici vətəndaş saxlanılıb
Qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları xüsusi immiqrasiya nəzarəti tədbiri keçiriblər.
Nazirliyin məlumatına görə, əldə edilmiş informasiyaya əsasən, departament əməkdaşları ölkədə qanuni əsas olmadan yaşayan xarici vətəndaşların müəyyən edilməsi məqsədilə bir sıra məkanlarda yoxlamalar aparıblar.
Rəsmi məlumata görə, kompleks tədbirin nəticəsində 21 xarici vətəndaş saxlanılıb. Onların arasında Hindistan, Çin, Pakistan, Banqladeş, İran və Misir vətəndaşları var. Müəyyən edilib ki, həmin şəxslər Gürcüstanın “Xaricilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında” qanunun tələblərini pozaraq ölkədə qalırdılar.
Hazırda saxlanılan şəxslər Miqrasiya Departamentinin Müvəqqəti Saxlanma Mərkəzində yerləşdiriliblər. Onların ölkədən çıxarılması ilə bağlı müvafiq prosedurlar davam etdirilir.
Miqrasiya Departamenti bildirib ki, immiqrasiya nəzarəti tədbirləri mütəmadi qaydada həyata keçirilir və məqsəd “Xaricilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında” qanunun effektiv icrasını təmin etməkdir.


