12 
Okt
2025
10:13
1949

Gürcüstanda sürücülük vəsiqəsinin alınması orta hesabla neçə lariyə başa gəlir?

Gürcüstanda sürücülük vəsiqəsi almaq istəyən şəxslər bir neçə mərhələdən ibarət imtahan prosesindən keçməlidirlər və hər mərhələnin öz ödənişi mövcuddur.

Xidmət Agentliyinin məlumatına əsasən, B kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək üçün nəzəri imtahanın ilkin ödənişi yetkinlik yaşına çatmayanlar üçün 15 lari, yetkin şəxslər üçün isə 55 lari təşkil edir. Hər növbəti cəhd üçün imtahan haqqı 40 laridir.

Nəzəri imtahanı uğurla keçən namizəd 7 gün ərzində praktiki imtahanın birinci mərhələsinə ödənişsiz daxil ola bilər. Əgər bu müddət ötərsə, imtahan haqqı 31 lari olacaq. Praktiki imtahanın ikinci mərhələsinin planlı keçirilməsi 90 lari, planlaşdırılmamış (yəni təkrar və ya əlavə cəhd) isə 250 laridir.

Sürücülük vəsiqəsini təcili qaydada almaq istəyənlər üçün sənədin hazırlanması 1 iş gününə – 50 lari, 2 iş gününə – 40 lari başa gəlir.

Bundan əlavə, imtahanlara hazırlıq xərcləri də nəzərə alınmalıdır. Avtomobil məktəblərinin təklif etdiyi tədris xidmətlərinə əsasən, nəzəri dərslərin qiyməti orta hesabla 130–150 lari, praktiki dərslərin isə (meydan və şəhər şəraitində) 1 dərs üçün 50 lari təşkil edir.

Avtoinstruktorların sözlərinə görə, meydançada əsas elementləri mənimsəmək üçün azı 5 dərs, şəhər daxilində sürmə bacarığını artırmaq üçün isə ən azı 10 dərs tələb olunur.

Beləliklə, əldə olunan nəticələrə görə, sürücülük vəsiqəsi almaq istəyən şəxs, minimum dərs sayında hazırlıq keçərək və imtahanlarda əlavə ödənişsiz iştirak etməklə, ümumilikdə təxminən 895 lari xərcləməli olur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər