Gürcüstanda bu gün Mtsxetoba – Svetsitxeloba bayramı qeyd olunur
Bu gün Gürcüstanda ən mühüm dini bayramlardan biri – Mtsxetoba (Svetsitxeloba) qeyd olunur. Bayram münasibətilə ölkə üzrə bütün kilsə və monastırlarda bayram ibadətləri və dualar keçirilir. Ənənəyə görə, əsas bayram ayini Svetsitxoveli katedralında baş tutur.
Kilsə rəvayətlərinə əsasən, İsanın çarmıxa çəkilməsindən sonra onun köynəyi Mtsxetada yaşayan yəhudilərə – Elioz və Lonqinoza qismət olub. Onlar müqəddəs əmanəti Gürcüstana gətiriblər. Eliozun bacısı Sidoniya isə İsanın köynəyini sinəsinə sıxaraq vəfat edib və o, həmin köynəklə birlikdə dəfn olunub. Sidoniyanın məzarından sərv (kiparis) ağacı bitib.
IV əsrdə Müqəddəs Kral Mirian və Kraliça Nana dövründə həmin ağacın yerində kilsə tikmək qərara alınıb. Ağacdan düzəldilmiş sütunlardan biri tikinti zamanı hərəkət etməyib. Rəvayətə görə, Müqəddəs Ninonun duası ilə sütun möcüzəvi şəkildə işıq saçıb və havada 12 qulac hündürlükdə dayanıb. Bu “işıq sütunu”na bütün Mtsxeta əhli toplanaraq ibadət edib, sütunun yanından möcüzələr baş verib.
Müqəddəs Nino tərəfindən tikilmiş ilk taxta kilsə sonradan dağılıb. V əsrin ikinci yarısında Müqəddəs Kral Vaxtanq Qorqasali bazilika tipli yeni məbəd inşa etdirib. XI əsrdə isə zədələnmiş bazilikanın yerində Kartli katolikosu Melkisedek tərəfindən hazırkı Svetsitxoveli kilsəsi tikilib. Onun memarı məşhur Arsukidze olub.
Gürcüstan Pravoslav Kilsəsi bu gün həmçinin Müqəddəs Kral Mirianı və Kraliça Nananı (IV əsr), eləcə də Müqəddəs Sidoniya və Abiatari (+IV əsr) yad edir.


