Prokurorluq sabiq baş nazir İrakli Qaribaşvili üçün 1 milyon lari girov tələb edib
Gürcüstan Prokurorluğu sabiq baş nazir İrakli Qaribaşvili barəsində qarşısının alınması tədbiri kimi 1 milyon lari məbləğində girov tətbiq olunmasını istəyib.
ƏnterPress.ge-nin məlumatına görə, baş prokuror Giorgi Qvaramiadze brifinq zamanı bildirib ki, sabiq baş nazir ona qarşı irəli sürülən ittihamı tam şəkildə etiraf edib.
“İrakli Qaribaşviliyə Gürcüstan Cinayət Məcəlləsinin 194-cü maddəsinin üçüncü hissəsinin ‘g’ bəndi ilə – qanunsuz gəlirin leqallaşdırılması, xüsusilə böyük məbləğdə gəlir əldə etmə maddəsi ilə ittiham irəli sürülüb. Təqsirləndirilən şəxs irəli sürülən ittihamı tam şəkildə etiraf edib. Prokurorluq məhkəməyə qarşısının alınması tədbiri kimi 1 milyon lari məbləğində girov tətbiqi barədə vəsatət təqdim edib. Girov həm nağd vəsait, həm də daşınmaz əmlak formasında təmin edilə bilər,” – deyə Qvaramiadze bildirib.
Prokurorluq həmçinin məhkəmədən əlavə məhdudiyyətlərin tətbiq edilməsini də tələb edib – İrakli Qaribaşvilinin Gürcüstan pasportunu hüquq-mühafizə orqanlarına təhvil verməsi və ölkə hüdudlarını tərk etməsinə qadağa qoyulması nəzərdə tutulur.


