Almaniya onlarla Gürcüstan vətəndaşını deportasiya etdi
Almaniya Gürcüstan vətəndaşlarından ibarət 48 nəfəri deportasiya edib, onların arasında 2019-cu ildə Berlinin mərkəzində qətlə yetirilmiş Zelimxan Xangoşvilinin qardaşı – Zurab Xangoşvili də var.
InterPress.ge xəbər verir ki, bu məlumatı “Deutsche Welle” yayıb.
Məlumata görə, 23 oktyabrda Brandenburq polisi Vyunsdorf şəhərində Xangoşvili ailəsinin evinə daxil olub və ailənin 12 üzvünü deportasiya məqsədilə Berlin hava limanına aparıb. Ailənin vəkilləri deportasiyanın qarşısını almağa cəhd göstərsələr də, təyyarə Tbilisiyə doğru yola düşüb.
Almaniya Daxili İşlər Nazirliyinin sözçüsü Sonya Kok “Deutsche Welle”yə məlumatı təsdiqləyərək bildirib ki, Berlin-Tbilisi reysi ilə 48 nəfər deportasiya olunub, lakin onların kimliyi açıqlanmayıb.
“Deportasiyaların təşkili federal torpaqların səlahiyyətinə daxildir. Federal hökumət bu prosesdə onlara dəstək verir. Son vaxtlar deportasiya halları əhəmiyyətli dərəcədə artıb”, – deyə Sonya Kok bildirib.
Xatırladaq ki, Gürcüstan vətəndaşı Zelimxan Xangoşvili 2019-cu il avqustun 23-də Berlinin mərkəzində qətlə yetirilmişdi. Berlin məhkəməsi bu cinayətdə günahkar bilinən Rusiya vətəndaşı, FSB əməkdaşı Vadim Krasikovu ömürlük azadlıqdan məhrum etmişdi. Almaniya prokurorluğunun versiyasına görə, qətl Rusiya dövlətinin sifarişi ilə törədilmişdi.
2024-cü il 1 avqustda Rusiya ilə Qərb ölkələri arasında aparılan məhbus mübadiləsi çərçivəsində Almaniya Vadim Krasikovu Rusiyaya təhvil verib.


