Kvemo Kartlidə böyük miqdarda narkotik ələ keçirilib
Gürcüstan Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin əməkdaşları xüsusilə böyük miqdarda narkotik maddənin qanunsuz əldə olunması və saxlanılması ittihamı ilə bir nəfəri saxlayıblar.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı DİN yayıb.
Məlumata əsasən, 1971-ci il təvəllüdlü A.S. Tetriçkaro rayonunda keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində yaxalanıb.
“Polis əməkdaşlarının keçirdiyi axtarış zamanı saxlanılan şəxsin üzərindən və yaşadığı evdən 1 kiloqram 300 qram qurudulmuş marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb,” – deyə DİN-in açıqlamasında qeyd olunur.
Hadisə ilə bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin 3-cü hissəsinin “a” bəndi ilə aparılır. Bu maddə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.


