İki nəfərə külli miqdarda narkotiklə bağlı ittiham irəli sürülüb
Gürcüstan Prokurorluğu iki nəfərə qarşı xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması, eləcə də külli miqdarda narkotik vasitələrin qanunsuz satışına köməklik göstərilməsi faktları üzrə ittiham irəli sürüb.
InterPress.ge xəbər verir ki, bu barədə Prokurorluq məlumat yayıb.
Qurumun məlumatına görə, təqsirləndirilən şəxslərdən birinə əlavə olaraq odlu silah və döyüş sursatının qanunsuz əldə edilməsi və saxlanması faktı üzrə də ittiham təqdim edilib.
Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər qanunsuz olaraq xüsusilə külli miqdarda – 94,7911 qram “metadon (əsas)” və 0,4251 qram “alfa PVP” narkotik vasitəsi əldə ediblər və onların bir hissəsini satış məqsədilə qablaşdırıblar.
Hüquq-mühafizə orqanları tərəfindən təqsirləndirilən şəxslərin yaşayış evində aparılan axtarış zamanı xüsusilə külli miqdarda narkotik vasitə, narkotiklərin qablaşdırılması üçün nəzərdə tutulan əşyalar, iki ədəd odlu silah və patronlar aşkar edilərək götürülüb.
Saxlanılan şəxslərə Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin 2-ci hissəsinin “b” və 3-cü hissəsinin “a” bəndləri (xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi və saxlanması, qabaqcadan əlbir olan qrup tərəfindən törədildikdə), eləcə də 260 prima maddəsinin 5-ci hissəsinin “b” və 6-cı hissəsinin “a” bəndləri (xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz satışına köməklik göstərilməsi, qabaqcadan əlbir olan qrup tərəfindən törədildikdə) üzrə ittihamlar irəli sürülüb. Şəxslərdən birinə əlavə olaraq Cinayət Məcəlləsinin 236-cı maddəsinin 3-cü hissəsi (odlu silah və döyüş sursatının qanunsuz əldə edilməsi və saxlanması) ilə də ittiham təqdim edilib.
Qeyd olunan maddələr üzrə irəli sürülmüş ittihamlar cəza olaraq 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetməni nəzərdə tutur.
Prokurorluğun vəsatəti əsasında məhkəmə təqsirləndirilən şəxslər barəsində qətimkan tədbiri olaraq həbs qərarı çıxarıb.


