17 
Dek
2025
19:36
386

Tbilisidə icazəsiz taksi fəaliyyəti göstərən sürücülər cərimə və dəbbə pullarından azad ediləcək

Paytaxtda taksi xidməti üçün müvafiq icazə olmadan və ya icazə şərtlərini pozmaqla fəaliyyət göstərmiş şəxslər cərimə və dəbbə pullarından azad ediləcək.Həmçinin taksi sürücüləri icazənin verilməsi haqqı üzrə yaranmış borcdan da azad olunacaqlar.

InterPress.ge xəbər verir ki, azadolma 2025-ci il noyabrın 1-dək tətbiq edilmiş cərimə və dəbbə pullarına şamil olunacaq.

Müvafiq qanun layihəsi parlamentin bu gün keçirilən növbədənkənar iclasında üçüncü oxunuşda qəbul edilib. Layihə “Gürcü Arzusu”nun deputatları tərəfindən irəli sürülüb.

Təşəbbüs müəlliflərinin bildirdiyinə görə, 2025-ci ilin oktyabr ayına olan statistik məlumatlar əsasında Tbilisi bələdiyyəsi tərəfindən tətbiq edilən sanksiyalar əhəmiyyətli miqyas alıb. Qeyd olunur ki, İnzibati Xətalar Məcəlləsinin 135/4-cü maddəsinin birinci hissəsi üzrə icazə sahiblərinə icazə haqqının ödənilməməsi səbəbindən tərtib edilən və icra olunmayan işlərin sayı minlərlədir. Belə ki, yalnız ödənilməmiş cərimələr üzrə 6 832 iş üzrə 656 542 lari, cərimə və dəbbə ilə birlikdə 15 400 iş üzrə 4 865 000 lari borc mövcuddur. İcraya yönləndirilmiş, lakin hələ icra olunmamış işlər 3 394 iş üzrə 1 115 942 lari, məhkəmədə mübahisələndirilən işlər isə 814 iş üzrə 178 840 lari təşkil edir.

Həmin maddənin ikinci hissəsi üzrə də oxşar vəziyyət qeydə alınıb. Bu çərçivədə yalnız ödənilməmiş cərimələr üzrə 787 işdə 157 400 lari, cərimə və dəbbə ilə birlikdə 417 işdə 250 200 lari borc mövcuddur. İcraya verilib, lakin icra olunmamış işlər 834 iş üzrə 500 400 lari, məhkəmədə baxılan işlər isə 722 iş üzrə 218 600 lari təşkil edir.

Qanun layihəsinin izahat vərəqəsində vurğulanır ki, təqdim olunan məlumatlar minlərlə inzibati işdən və ümumilikdə 8 milyon lariyə yaxın öhdəlikdən bəhs edildiyini göstərir. Bu faktiki vəziyyət isə birdəfəlik hüquqi güzəştin həm sosial-iqtisadi, həm də inzibati-hüquqi baxımdan məqsədəuyğun olduğunu əsaslandırır.

Bizimlə əlaqə saxlayın