Gürcüstanda dayandırılmış sürücülük vəsiqələrinin bərpası prosesi başlayıb
Gürcüstanda dayandırılmış sürücülük vəsiqələrinin bərpası prosesi rəsmən başlayıb.
InterPress.ge xəbər verir ki, sürücülük hüququ daha əvvəl məhdudlaşdırılmış şəxslərin bir qismi üçün artıq Gürcüstan Daxili İşlər Nazirliyinin rəsmi internet səhifəsində vəsiqə statusunun aktivləşdirildiyi əks olunub.
Rəsmi məlumata görə, sürücülük vəsiqəsinin bərpa edilib-edilmədiyi barədə məlumat publicdecisions.police.ge ünvanında yerləşdirilən elektron sistemdə göstərilir. Prosesin tam başa çatdırılması Patrul Polisi Departamenti tərəfindən 2026-cı il fevralın 1-dək təmin edilməlidir.
Qanunvericiliklə müəyyən edilmiş hüquqi güzəşt tətbiq olunan şəxslər sürücülük hüquqlarının bərpası ilə bağlı məlumatı mütləq şəkildə rəsmi platforma üzərindən yoxlamalıdırlar. Yalnız rəsmi sistemdə sürücülük vəsiqəsinin statusunun aktiv olduğu təsdiqləndikdən sonra nəqliyyat vasitəsinin idarə olunmasına icazə verilir.
Məlumdur ki, birdəfəlik hüquqi mexanizm çərçivəsində 30 mindən çox vətəndaşın sürücülük hüququ bərpa ediləcək. Bununla bağlı qanunvericiliyə dəyişiklik Gürcüstan Parlamenti tərəfindən sürətləndirilmiş qaydada müzakirə olunaraq yekdilliklə qəbul edilib.
Qəbul edilmiş qanuna əsasən, hüquqi güzəşt 2025-ci il dekabrın 16-dək sürücülük hüququ dayandırılmış şəxslərə şamil olunur. Bu kateqoriyaya yol-nəqliyyat hadisəsi yerini tərk etməyə, alkoqollu vəziyyətdə avtomobil idarə etməyə, narkotik vasitə istifadəsinə və ya sürücülük vəsiqəsinə verilmiş balların tam tükənməsinə görə hüquqları məhdudlaşdırılmış şəxslər daxildir.
Rəsmilər vətəndaşlara müraciət edərək, sürücülük hüququndan istifadə etməzdən əvvəl statusun rəsmi sistemdə yeniləndiyinə mütləq əmin olmağı tövsiyə edirlər.


