25 
Dek
2025
13:19
321

Gürcüstanda ov mövsümünün ilk dörd ayında 720 hüquqpozma aşkarlanıb

Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Ətraf Mühitin Mühafizəsi üzrə Nəzarət Departamenti ov mövsümünün açılmasından sonrakı dörd ay ərzində, 2025-ci il avqustun 23-dən dekabrın 23-dək ümumilikdə 720 inzibati hüquqpozma faktı qeydə alıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı nazirliyin müvafiq departamenti yayıb.

Rəsmi açıqlamaya görə, aşkarlanan pozuntuların böyük əksəriyyəti qadağan olunmuş silah, üsul və vasitələrlə ov etmə halları ilə bağlıdır. Eyni zamanda altı fakt qanunsuz ovla əlaqəli olub və həmin hallarda cinayət tərkibinin əlamətləri müəyyən edildiyindən materiallar müvafiq qurumlara göndərilib.

Departamentin məlumatında bildirilir ki, ov mövsümünün ilk dörd ayı ərzində əməkdaşlar tərəfindən 590 ədəd qanunsuz ov vasitəsi, əsasən quşları cəlb etmək üçün istifadə olunan səs çıxaran qurğular – “manok”lar müsadirə edilib.

Qeyd olunub ki, Ətraf Mühitin Mühafizəsi üzrə Nəzarət Departamentinin mobil qrupları ölkə üzrə 24 saat fasiləsiz patrul xidməti həyata keçirir. Məqsəd brakonyerlik və digər ekoloji hüquqpozmaların qarşısının vaxtında alınması, aşkar edilməsi və aradan qaldırılmasıdır. Bununla yanaşı, Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin 153 nömrəli “qaynar xətti”nə daxil olan hər bir müraciətə operativ reaksiya verildiyi vurğulanıb.

Bizimlə əlaqə saxlayın