Marneulidə azyaşlının azadlığının qanunsuz məhdudlaşdırılması faktı üzrə iki nəfər saxlanılıb
Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon Polis İdarəsinin əməkdaşları azadlığın qanunsuz məhdudlaşdırılması ittihamı ilə 2004-cü il təvəllüdlü N.A. və 2000-ci il təvəllüdlü S.B.-ni saxlayıblar.
InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasında bildirilir ki, istintaqla müəyyən olunub: Marneuli bələdiyyəsinin kəndlərindən birində N.A. evlənmək məqsədilə 2006-cı il təvəllüdlü U.K.-nin azadlığını qanunsuz olaraq məhdudlaşdırıb.
Məlumata əsasən, qeyd olunan cinayət əməlində hazırda təqsirləndirilən şəxs qismində saxlanılan S.B. də iştirak edib. Hüquq-mühafizə orqanları tərəfindən aparılan operativ-istintaq tədbirləri nəticəsində hər iki şəxs cinayəti törətdikdən qısa müddət sonra, “isti izlərlə” saxlanılıb.
Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 143-cü maddəsi ilə aparılır. Həmin maddə 4 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.


