ATƏT-in 24 üzv ölkəsi Gürcüstanda insan hüquqları ilə bağlı ekspert missiyası yaradır
Gürcüstanda insan hüquqları sahəsində vəziyyətin pisləşməsi ilə əlaqədar ATƏT-in 24 üzv ölkəsi “Moskva mexanizmi”ni işə salaraq ekspert missiyası formalaşdırır.
InterPress.ge xəbər verir ki,bu barədə Böyük Britaniyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bəyanatda qeyd olunur ki, mexanizmin aktivləşdirilməsi Gürcüstanda insan hüquqları və fundamental azadlıqlar sahəsində son dövrlərdə müşahidə olunan geriləmə ilə bağlıdır. Ölkələr Gürcüstan hökumətini missiya ilə əməkdaşlıq etməyə və onun fəaliyyətinə şərait yaratmağa çağırır.
Məlumatda vurğulanır ki, ATƏT-in üzvü kimi Gürcüstan insan hüquqları və fundamental azadlıqların qorunması ilə bağlı öhdəliklər götürüb və bu dəyərlərə hörmət sülh, ədalət və rifahın əsas şərti kimi tanınıb.
Xatırladılır ki, 2024-cü ilin dekabrında ATƏT-in 38 üzv ölkəsi Gürcüstanla bağlı “Vyana mexanizmi”ni işə salaraq ölkədə baş verən proseslərlə bağlı narahatlıqlarını ifadə edib və rəsmi Tbilisidən əlavə məlumat tələb edib. Bildirilir ki, həmin vaxtdan bəri Gürcüstan hökumətinin insan hüquqları üzrə ümumi və beynəlxalq öhdəliklərə əməl etməsi ilə bağlı narahatlıqlar daha da artıb.
Bəyanatda qeyd olunur ki, yaradılacaq ekspert missiyası obyektiv və qərəzsiz hesabat hazırlamalı, faktları müəyyənləşdirməli və tövsiyələr təqdim etməlidir. Missiyanın məqsədləri sırasında Gürcüstanda insan hüquqları və fundamental azadlıqlarla bağlı son hadisələrin sənədləşdirilməsi, bu proseslərin vətəndaş cəmiyyətinə, media azadlığına, hüququn aliliyinə, məhkəmə sisteminin müstəqilliyinə və siyasi plüralizmə təsirinin qiymətləndirilməsi yer alır.
Gürcüstanla bağlı ATƏT-in “Moskva mexanizmi”ni aktivləşdirən ölkələr bunlardır: Böyük Britaniya, Albaniya, Avstriya, Belçika, Bosniya və Herseqovina, Kanada, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Almaniya, İrlandiya, İslandiya, Latviya, Lixtenşteyn, Litva, Lüksemburq, Moldova, Monteneqro, Niderland, Norveç, Sloveniya, Ukrayna və İsveç.


