Gürcüstanda saxta nikah cinayət məsuliyyəti yaradacaq – yeni qanun layihəsi hazırlanıb
Gürcüstan Daxili İşlər Nazirliyinin hazırladığı qanunvericilik təşəbbüsünə əsasən, Gürcüstan vətəndaşı ilə əcnəbi arasında vətəndaşlıq, yaşayış icazəsi və ya ölkədə qanuni qalmaq üçün digər hüquqi əsasların əldə edilməsi məqsədilə bağlanan saxta nikah cinayət məsuliyyəti yaradacaq.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir.
Qanun layihəsinə əsasən, belə hallarda əcnəbinin Gürcüstandan çıxarılması və ölkəyə girişinə 2 ildən 10 ilədək qadağa qoyulması nəzərdə tutulur. Bundan əlavə, cərimə, 1 ildən 2 ilədək ev dustaqlığı və ya 2 ilədək azadlıqdan məhrumetmə cəzası da tətbiq oluna bilər.
Nazirliyin hazırladığı qanunvericilik paketi çərçivəsində Gürcüstan vətəndaşı ilə əcnəbi arasında nikah əsasında yaşayış icazəsinin verilməsi qaydaları da tənzimlənir.
Dəyişikliklərə əsasən, yeni yaşayış icazəsi növü – “Gürcüstan vətəndaşının həyat yoldaşı üçün yaşayış icazəsi” müəyyən edilir. Bu icazə daimi yaşayış hüququ əldə olunana qədər veriləcək.
Bununla yanaşı, həmin yaşayış icazəsinin verilməsindən əvvəl nikahın həqiqiliyi yoxlanılacaq və bu məqsədlə xüsusi komissiya yaradılacaq.
Qanunvericilik paketi həmçinin xarici məhkumların cəzasının çəkilməmiş hissəsinin qanunla müəyyən edilmiş şərtlərə uyğun olaraq ölkədən çıxarılma və Gürcüstana giriş qadağası ilə əvəz edilməsini nəzərdə tutur.
Dəyişikliklərə əsasən, qanunsuz miqrasiyaya qarşı mübarizənin gücləndirilməsi, onun qarşısının alınması və aşkarlanması məqsədilə Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinə əməliyyat-axtarış tədbirləri həyata keçirmək səlahiyyəti veriləcək.
Bundan başqa, məhkəmə icraatı sahəsində də dəyişikliklər nəzərdə tutulur. Belə ki, qərarlardan şikayət verilməsi müddətləri qısaldılacaq, işlərə baxılma müddətləri sürətləndiriləcək və bəzi hallarda işlərə şifahi dinləmə keçirilmədən baxılması mümkün olacaq.
Nazirliyin məlumatında qeyd olunur ki, Daxili İşlər Nazirliyinin müəllifliyi ilə Ədliyyə Nazirliyi və Təhsil, Elm və Gənclər Nazirliyi ilə sıx əməkdaşlıq şəraitində hazırlanmış qanunvericilik dəyişiklikləri müasir miqrasiya çağırışlarına cavab verir və əcnəbilərin Gürcüstanda qalmasının daha effektiv, şəffaf və təhlükəsiz şəkildə tənzimlənməsini təmin edəcək.


