22 
Iyn
2026
11:29
85

Gürcüstanda saxta nikahlara qarşı yeni qaydalar: daimi yaşayış icazəsi almaq çətinləşəcək

Gürcüstan hökuməti qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində yeni qanunvericilik dəyişiklikləri hazırlayıb. Dəyişikliklər xüsusilə təhsil və nikah əsasında verilən yaşayış icazələrinə nəzarətin gücləndirilməsini nəzərdə tutur.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, hazırda qüvvədə olan qanunvericiliyə əsasən, Gürcüstan vətəndaşı ilə nikaha daxil olmaq xarici vətəndaşa daimi yaşayış icazəsi almaq üçün kifayət edir.

Daraxvelidze qeyd edib ki, hazırda ölkədə daimi yaşayış icazəsi almış təxminən 30 min xarici vətəndaş yaşayır və bu sahədə nəzarət mexanizmləri indiyədək kifayət qədər zəif olub.

"Bir çox ölkələrdə olduğu kimi, Gürcüstanda da saxta nikahlar vasitəsilə yaşayış icazəsi əldə etməyə yönəlmiş dələduzluq sxemləri mövcuddur. Buna görə də nəzarət mexanizmlərinin gücləndirilməsi zəruridir", – deyə nazir müavini bildirib.

Onun sözlərinə görə, yeni qaydalara əsasən, Gürcüstan vətəndaşı ilə evlənərək yaşayış icazəsi almaq istəyən əcnəbi xüsusi komissiya qarşısında müsahibədən keçməli olacaq. Əgər komissiya nikahın həqiqiliyi ilə bağlı şübhələr aşkar edərsə, materiallar araşdırılması üçün hüquq-mühafizə orqanlarına göndəriləcək.

InterPress.ge xəbər verir ki, bununla yanaşı, Gürcüstan Cinayət Məcəlləsinə yeni maddə əlavə olunub. Həmin maddəyə əsasən, ölkədə qanuni yaşamaq hüququ əldə etmək məqsədilə bağlanmış saxta nikah cinayət əməli hesab ediləcək və məsuliyyətə səbəb olacaq.

Aleksandre Daraxvelidze bildirib ki, parlamentə təqdim olunan dəyişikliklər qanunsuz miqrasiyaya qarşı mübarizənin ikinci mərhələsidir. O xatırladıb ki, ötən il qəbul edilən dəyişikliklər artıq nəticə verməyə başlayıb və son dövrlərdə ölkədən çoxlu sayda qanunsuz yaşayan əcnəbi deportasiya olunub.

Nazir müavini təhsil məqsədilə verilən yaşayış icazələri ilə bağlı da problemlərin aşkarlandığını qeyd edib. Onun sözlərinə görə, hazırda xarici vətəndaşlara təxminən 35 min təhsil əsaslı yaşayış icazəsi verilib və bəzi hallarda bu statusdan təhsil almaq üçün deyil, ölkədə uzun müddət qalmaq məqsədilə istifadə olunub.

"Yeni qaydalar həqiqətən təhsil alan tələbələrin hüquqlarını məhdudlaşdırmayacaq. Lakin təhsil statusundan yalnız ölkədə qalmaq vasitəsi kimi istifadə edən şəxslərə qarşı daha sərt yanaşma tətbiq olunacaq", – deyə Daraxvelidze vurğulayıb.

Onun sözlərinə görə, dəyişikliklərin əsas məqsədi yaşayış icazələrinin yalnız qanunla nəzərdə tutulmuş əsaslarla verilməsini təmin etmək və miqrasiya sahəsində nəzarəti gücləndirməkdir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər